Restoranda pul verməyən 2 qardaşı bıçaqlayan gəncə hökm oxundu
Bakının Sabunçu rayonunda restoranda iki qardaşa bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Namiq Şirinlinin məhkəmə prosesi yekunlaşıb.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında 2001-ci il təvəllüdlü N.Şirinliyə hökm oxunub. Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il sentyabrın 25-i saat 02 radələrində Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən “Okean” restoranında baş verib. Namiq Şirinli restoranda əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşaraq onlardan pul tələb edib. Qardaşlar imtina etdikdə tərəflər arasında yaranan mübahisə restoranın həyətində davam edib. N.Şirinli burada xuliqanlıq niyyəti ilə cib bıçağından istifadə edərək hər iki qardaşa xəsarət yetirib.
Namiq Şirinli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
No Comment! Be the first one.