Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
hadiseler.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı dövlət başçıları qlobal miqyasda və dünyada enerji sahəsində yaranmış mövcud vəziyyəti, qarşıda duran çağırışları və onların həlli yollarını geniş müzakirə ediblər.
Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana gerçəkləşdirilən rəsmi səfəri dərin məmnunluqla xatırlanıb. Vurğulanıb ki, bu səfər iki ölkə arasında dostluq, tərəfdaşlıq və qarşılıqlı anlaşma münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında xüsusilə enerji sektorunda əməkdaşlığın uğurla davam etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi barədə yekdil razılığa gəliblər.
No Comment! Be the first one.