Sosial şəbəkələrdə böhtan və təhqirlə üzləşənlərin DİQQƏTİNƏ
Sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır.
Məhkəmə aidiyyəti necə müəyyən edilir?
Media və internet informasiya ehtiyatlarında yayılan məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarına əsasən:
Müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, aidiyyət həmin ünvan nəzərə alınmaqla müəyyən edilir.
Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda (məsələn, “Facebook” sosial şəbəkəsi) şikayət məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Bu halda paylaşımın fiziki olaraq harada edilməsinin əhəmiyyəti yoxdur.
Sübutların toplanması və şikayətə dair tələblər
Hakim böhtan və təhqirlə bağlı məhkəməyə müraciət edərkən sübutların düzgün toplanmasının vacibliyini vurğulayıb:
Paylaşımın mənbəyi və məzmunu qorunmalıdır (internet keçidi, hesabın və ya kanalın adı, yayım tarixi, mətn və video materiallar saxlanılmalıdır).
Ekran görüntüləri təqdim edildikdə onların nə vaxt və hansı hesabdan əldə olunduğu göstərilməlidir.
Şikayətdə böhtan və ya təhqir hesab edilən konkret ifadələr dəqiq göstərilməlidir.
Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, şikayətdə şikayətçinin anket məlumatları, əməlin mahiyyəti, törədildiyi yer, vaxt, şərait, vurulmuş ziyan, həmçinin barəsində şikayət verilən şəxsin məlumatları və şahidlər öz əksini tapmalıdır. Sənəddə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, tərtib edildiyi yer, tarix və şikayətçinin imzası mütləq olmalıdır.
No Comment! Be the first one.