Tennessidə 200 il sonra ilk dəfə qadın edam edilə bilər
ABŞ-ın Tennessi ştatında 1995-ci ildə sinif yoldaşını qətlə yetirməkdə günahlandırılan 50 yaşlı Krista Paykın barəsində çıxarılan ölüm hökmünün icrası sentyabrın 30-da planlaşdırılır.
hadiseler.info xəbər verir ki, Tennessi qubernatoru Bill Li məhkumun əfv olunması ilə bağlı təqdim edilən vəsatəti rədd edib. Əgər ABŞ Ali Məhkəməsi hökmün icrasını dayandırmasa, Krista Payk son 200 il ərzində Tennessi ştatında edam edilən ilk qadın olacaq.
Krista Payk cinayəti 18 yaşında ikən 17 yaşlı sevgilisi ilə birlikdə törədib. Onlar 19 yaşlı Kollin Slemmeri amansızlıqla qətlə yetiriblər. Qətlin qəddarlığı, hadisə iştirakçılarının gənc olması və qurbanın bədənində şeytan simvolunun cızılması işin cəmiyyətdə böyük rezonans doğurmasına səbəb olub. 1996-cı ildə birinci dərəcəli qətldə təqsirli bilinən Payk ABŞ-nin müasir tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub.
Qeyd edək ki, ABŞ-də qadınların edam edilməsi nadir hallarda baş verir. 2015-ci ildə Corciyada, 2021-ci ildə federal hökumət tərəfindən Liza Montqomeri, 2023-cü ildə isə Missuri ştatında ölkə tarixində ilk dəfə transgender qadın edam olunub.
No Comment! Be the first one.