Türkiyədə evdə başlayan yanğın faciə ilə nəticələndi: Ata və qızı öldü- VİDEO
Türkiyənin Bilecik vilayətində yaşayış evində baş verən güclü yanğın iki nəfərin ölümü ilə nəticələnib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, faciəvi hadisə Gölpazarı rayonunun Kurşunlu kəndində baş verib. İkimərtəbəli fərdi evdə başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə bütün binanı bürüyüb.
Hadisə zamanı ailə üzvləri evdən çıxmağı bacarsalar da, 72 yaşlı Mehmet Erdönmez və 47 yaşlı qızı Fazilet Erdönmez yanğına müdaxilə etmək üçün yenidən evə daxil olublar. Lakin onlar alovların arasından çıxa bilməyiblər. Ailənin anası Hamdiye Erdönmez isə yanğından öz imkanları ilə xilas olub.
Əraziyə jandarma, təcili tibbi yardım, AFAD və yanğınsöndürmə qrupları cəlb edilib. Yanğın uzun müddət davam edən müdaxilədən sonra söndürülüb. Evdə aparılan araşdırma zamanı ata və qızının meyitləri aşkarlanıb.
Meyitlər məhkəmə-tibbi ekspertizası üçün Bilecik Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
No Comment! Be the first one.