Türkiyənin 34 vilayətində əməliyyat:90 nəfər həbs olundu
Türkiyədə qanunsuz mərc oyunları və çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
hadiseler.info xəbər verir ki, Nevşehir şəhər polisinin həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 119 nəfər saxlanılıb, onlardan 90 nəfər barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nevşehir prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, şübhəlilər Avanos rayonundakı əyləncə məkanları və Adanadakı müəyyən şəxslərlə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Onlar komissiya müqabilində bank hesabı məlumatları toplayıb, qanunsuz mərc oyunlarından əldə edilən külli miqdarda vəsaiti kriptovalyuta birjaları və zərgərlər vasitəsilə yuyublar. İstintaq zamanı 6 zərgərin də bu cinayətdə iştirak etdiyi üzə çıxıb.
Şübhəlilərin yaratdıqları şirkətlərin bank hesablarında təxminən 20 milyard lirə dövriyyə olduğu aşkarlanıb. Bu faktla əlaqədar noyabrın 3-də Nevşehir daxil olmaqla 34 vilayətdə eyni vaxtda əməliyyatlar təşkil olunub.
800-dən çox polis əməkdaşının iştirak etdiyi basqınlar zamanı 6 qanunsuz tapança, 2 qanunsuz tüfəng, 1 qılınc, çoxlu sayda patron, müxtəlif şəxslərə məxsus bank kartları və rəqəmsal materiallar aşkar edilərək götürülüb.
No Comment! Be the first one.