Vüqar Bayramov: “Gələn il ətraf mühitin mühafizəsinə 438,7 milyon manat ayrılması nəzərdə tutulur”
“Qanun layihəsi özəl sektorun ətraf mühitin mühafizəsi baxımından öhdəlik və məsuliyyətinin gücləndirilməsi aspektindən əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsi Azərbaycanda həyata keçirilən siyasətin ana xəttlərindən hesab olunur”.
hadiseler.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsindən bu istiqamətə 374 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illə müqayisədə 3,4 faiz çoxdur. O, yaxın günlərdə müzakirə olunacaq 2027-ci ilin dövlət büdcəsi zərfinə əsasən, gələn ildə ətraf mühitin mühafizəsi istiqamətinə 438,7 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bu, mövcud fiskal imkanlar daxilində ekoloji mühitin qorunması prioritetliyinin gücləndirildiyini göstərir.
Çıxış zamanı qanun layihəsinin 18-ci maddəsinə dair təkliflərini də səsləndirən V.Bayramov ətraf mühitin istehsalat monitorinqinin aparılması, təbiətdən istifadəçilərin məsuliyyəti, həmçinin illik hesabatlarla yanaşı, rüblük və yarımillik hesabatların təqdim olunmasının vacibliyini qeyd edib. Deputat həmçinin şəffaflıq və hesabatlılığın artırılması məqsədilə ekoloji təsirin qiymətləndirilməsi sənədlərinin internet resurslarında yerləşdirilməsinin məcburi olmasını təklif edib.
No Comment! Be the first one.