Xəzərin səviyyəsinin enməsi ilə bağlı Dövlətlərarası Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək
Xəzər dənizinin səviyyəsinin enməsi və dayazlaşması problemini həll etmək məqsədilə yaradılan Dövlətlərarası Komissiyanın ilk iclası 2027-ci ilin birinci yarısında Azərbaycanda təşkil olunacaq.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, bu barədə beş Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) dövlət başçılarının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammitində müvafiq qərar qəbul olunub.
Liderlər Komissiyanın Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, İran və Rusiyanın isə yüksəkvəzifəli nümayəndələri səviyyəsində təsis edilməsini razılaşdırıblar. Qərara əsasən, növbəti iclaslar ingilis əlifbasının sırasına uyğun olaraq növbə ilə digər Xəzəryanı ölkələrdə keçiriləcək.
Xatırladaq ki, bu məsələ ilə bağlı birgə ekspert/işçi qruplarının və komissiyanın yaradılması təşəbbüsü ilk dəfə 29 iyun 2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü.
No Comment! Be the first one.