Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı şok iddialar səsləndirdi
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ona qarşı illər əvvəl apardığı təzyiq kampaniyası və həd-qorxular barədə yazıb.
hadiseler.info xəbər verir ki, X.Hidayətqızı Mehdiyevlə qarşıdurmasının 1999-2000-ci illərdən başladığını, 2005-ci il parlament seçkilərində isə bu mübarizənin daha təhlükəli xarakter aldığını iddia edib.
Jurnalist bildirib ki, həmin dövrdə 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyini irəli sürərkən Ağdamın o vaxtkı icra başçısı, Ramiz Mehdiyevin ən yaxın adamlarından olan Həsən Sarıyev tərəfindən təzyiqlərə məruz qalıb: “O, “Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin” dedi. Mən isə bunun demokratik seçki olduğunu və mübarizə aparacağımı bildirdim”.
X.Hidayətqızı əlavə edib ki, bundan sonra ona qarşı çirkin kampaniyalar başlanılıb, qohumları barədə şayiələr yayılıb. Hətta onun sözlərinə görə, avtomobil qəzasına salınması üçün də plan qurulub:
“İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim. Xəbəri iki gün əvvəl almışdım. Komandamda Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim. Beləcə, qəzadan xilas oldum”.
Yazısının sonunda Ramiz Mehdiyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsinə və əmlakının müsadirə olunmasına toxunan aparıcı qeyd edib: “Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır. Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi… Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna güvənərək başqalarını əzənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır”.
No Comment! Be the first one.