Zelenski üçtərəfli danışıqların keçiriləcəyini təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə noyabr ayının əvvəlində yüksəksəviyyəli üçtərəfli görüşün təşkil olunacağını rəsmən təsdiqləyib.
hadiseler.info xəbər verir ki, Ukrayna lideri bu barədə Vaşinqtonun Hadson İnstitutunda onlayn formatda çıxışı zamanı bəyan edib.
Zelenski ABŞ Prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla telefon danışığı apardığını diqqətə çatdıraraq tərəflərin dialoqa hazır olduğunu vurğulayıb:
“Biz istənilən gün, hətta sabah da görüşməyə hazırıq, lakin hər şey rusiyalılardan asılıdır. Bu cür diplomatik təmasların hələ sentyabr ayında baş tutması gözlənilirdi, lakin Rusiya tərəfi danışıqlardan imtina etmək üçün bəhanə tapdığından görüş təxirə düşmüşdü.”
Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da rəsmi açıqlama verərək görüşün noyabr ayının ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində təşkil olunacağını bildirib. Peskovun sözlərinə görə, üçtərəfli danışıqların əsas müzakirə mövzusu dinc tənzimlənməyə nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin müəyyənləşdirilməsi olacaq.
No Comment! Be the first one.