617 bal toplayan məzun “Tibb”i deyil, “Baytarlıq” ixtisasını seçdi
Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Zeynallı qəbul imtahanında 617 bal toplamasına baxmayaraq, öz arzusu olan “Baytarlıq” (ingilis dilində) ixtisasını seçib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaliqin bu seçimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xaliq Zeynallı bildirib ki: “Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim. İxtisas seçimində ətrafımdakıların təzyiqi çox oldu. Ailəm və dostlarım bu sahənin perspektivli olmadığını düşünür, “Bu balla o ixtisasa getsən, gələcəkdə işsiz qala bilərsən”, – deyirdilər. Amma mən öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır”.
O, sosial şəbəkələrdə yazılan fikirlərə belə münasibət bildirib: “Yazırlar ki, bu balla ATU və ya başqa nüfuzlu universitetlərdə oxuya bilərdim. Bəziləri isə başqa yerlərə qəbul ola bilmədiyim üçün Xəzər Universitetini seçdiyimi iddia edir. Yığdığım balla Azərbaycan Tibb Universiteti (ATU) da daxil olmaqla, bütün ali məktəblərdə qəbul ola biləcəyim ixtisaslar var idi. Məni tanıyanlar bilir ki, ən başından valideynlərimə və dostlarıma nə qədər bal toplasam da, Baytarlığın ardınca gedəcəyimi demişdim. İxtisas seçimi zamanı ilk yerə ATU-nun “Tibb” ixtisasını yazmışdım. Bu da onunla bağlı idi ki, 9-cu sinifdə valideynlərimlə birinci yerə “Tibb” ixtisasını yazacağıma dair razılaşmışdıq. Düşünürdüm ki, marağım olsa, oxuyaram, olmasa da başqa universitetlərin “Baytarlıq” ixtisasına köçürülərəm, yaxud təhsilimi xaricdə davam etdirərəm. Nəticədə 617 balla “Tibb” ixtisasına düşə bilmədim və çox da yaxşı oldu. Çünki tibb sahəsində uğur qazanacağıma inanmırdım. Bilirdim ki, irəlidəki illərdə yenə baytarlığa yönələcəyəm”.
Gələcək planlarından danışan Xaliq qeyd edib: “Planlarım çoxdur, amma ən əsası kənd təsərrüfatı üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Çünki hazırda bu sahədə peşəkar kadrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, həm universitet illərində, həm də sonrakı fəaliyyətimdə ekzotik heyvanları araşdırmaq niyyətindəyəm”.
Ailəsinin əvvəlcə bu seçimlə razılaşmadığını vurğulayan məzun deyib: “Ailəm “Tibb” ixtisasına yiyələnməyimi istəyirdi və bu məsələdə mənimlə razılaşmırdılar. Lakin maddi baxımdan həmişə dəstək olublar. Mən yüksək balla baytar olmaq istəyirdim. Onlarla danışıb razı salsam da, başqa insanlarla söhbətdən sonra yenə öz fikirlərinə qayıdırdılar. Bu müzakirə 3-4 il davam etdi. Sonda isə yüksək balla istədiyim ixtisasa qəbul olaraq arzumu gerçəkləşdirdim”.
No Comment! Be the first one.