“Sumqayıt” “Qəbələ”ni məğlub etdi
Misli Premyer Liqasının VII turu çərçivəsində növbəti oyunlar keçirilib və turun ikinci günündə maraqlı nəticələr qeydə alınıb.
hadiseler.info xəbər verir ki, günün son qarşılaşmasında “Sumqayıt” öz meydanında “Qəbələ”ni qəbul edib. “SOCAR Polymer Arena”da baş tutan görüşdə meydan sahibləri üstün oyun nümayiş etdirərək rəqibini 4:1 hesabı ilə məğlub ediblər.
Matçda “Sumqayıt”ın heyətində Mamadi Banqre (6-cı dəqiqə), İssa Suliman (9-cu dəqiqə), Ronaldo Vaskes (29-cu dəqiqə) və Lukas Blek (67-ci dəqiqə) fərqləniblər. Qonaqların yeganə təsəlli qolunu isə 25-ci dəqiqədə Şahin Şahniyarov vurub. Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 5-ə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib, 4 xalı olan “Qəbələ” isə 10-cu sıradadır.
Günün ilk oyununda isə “Zirə” doğma azarkeşləri önündə “Şamaxı” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qapılara iki qol vurulub. Görüşün 53-cü dəqiqəsində Şuaybu qonaqları önə keçirsə də, 68-ci dəqiqədə Mutsinzi tarazlığı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra “Zirə” 11 xalla 5-ci, “Şamaxı” isə 10 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etmiş, “Neftçi” – “Sabah” oyunu isə qolsuz bərabərliklə sona çatıbmış.
No Comment! Be the first one.