İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.
hadiseler.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında məlumat verib.
Dövlət başçısı Özbəkistanın azad edilmiş ərazilərdə praktiki yardım göstərən ilk ölkə olduğunu vurğulayıb:
“Qarabağın bərpasına göstərdiyiniz yardıma görə minnətdarlığımı bildirmək istərdim. Özbəkistan praktiki yardım göstərən ilk ölkə, siz isə bu yardımı göstərən ilk Prezident oldunuz. Mirzə Uluqbəy adına məktəb artıq demək olar ki, burada təhsil ala biləcək bütün şagirdləri qəbul edib. Məktəbdə təxminən 1 000 nəfərlik yer var. Son məlumatlara görə, artıq bir neçə yüz şagird burada təhsil alır və bu məktəb dostluğumuzun, qardaşlığımızın simvollarından birinə çevrilib”.
Azərbaycan lideri Xankəndidə qurulan yeni istehsal müəssisəsinin də böyük sosial-iqtisadi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
“Həmçinin biz sizinlə birlikdə Xankəndidəki tikiş fabrikini ziyarət etdik. Bu müəssisə də özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılıb. Xankəndidə kollektivlə görüşdük və təbii ki, iş yerlərinin, xüsusilə də Qarabağ regionunda qadınlar üçün iş yerlərinin yaradılması hazırda böyük əhəmiyyət daşıyır. Yenə də 200 və daha çox iş yerinin yaradılacağı müasir istehsal müəssisəsinin qurulması üzrə ilk investisiya layihəsi də Özbəkistana məxsusdur. Buna görə sizə çox minnətdaram.”
No Comment! Be the first one.