ABŞ-də halapenyo bibərindən qaynaqlandığı ehtimal edilən salmonella infeksiyası 27 ştatda geniş yayılıb.
Hadisələr.info xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) istinadən məlumat paylaşıb.
CDC-nin rəsmi açıqlamasında federal qurumların 27 ştatda ümumilikdə 345 nəfərin xəstələnməsinə səbəb olan epidemiyalarla bağlı genişmiqyaslı araşdırma apardığı bildirilir. Təhlükəli tərəvəzlərin Kaliforniyada yerləşən “Coast Citrus” təchizat şirkəti tərəfindən Meksikadan idxal edildiyi və “Chipotle”, “Qdoba” kimi məşhur restoran şəbəkələrində təqdim olunduğu müəyyən edilib.
Yoluxma nəticəsində 36 nəfərin xəstəxanaya yerləşdirildiyi, ölüm halının isə qeydə alınmadığı bildirilib. Ən çox yoluxma halları Minnesota və Koloradoda (hər birində 110 nəfər), İllinoysda (30 nəfər) və Kanzasda (13 nəfər) aşkarlanıb. Yinfeksiya həmçinin Alabama, Kaliforniya, Corciya, Miçiqan, Texas, Vaşinqton və digər ştatlarda da yayılıb.
Yaranan təhlükə ilə əlaqədar “Chipotle” və “Qdoba” daxil olmaqla bir sıra iri restoran şəbəkələri ehtiyat tədbiri olaraq halapenyo bibərini təcili şəkildə menyularından çıxardıqlarını bəyan ediblər.
No Comment! Be the first one.