Azərbaycan BMT-də nüvə silahlarının ləğvi məsələsini qabardıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə keçirilən tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət və nüvə silahlarının ləğvi məsələləri önə çəkilib.
hadiseler.info xəbər verir ki, bəyanatla çıxış edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən əsas prioritetlərdən biri olduğunu vurğulayıb:
“Bunu Baş Assambleyanın 1946-cı ilin yanvarında qəbul edilmiş və atom enerjisinə nəzarət, eləcə də atom silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnaməsi də təsdiq edir. Son səkkiz onillik ərzində çoxtərəfli silahsızlanma səyləri beynəlxalq sülh və təhlükəsizlik üçün risklərin azaldılmasına yönəlmiş mühüm beynəlxalq sazişlərin və mexanizmlərin hazırlanmasına töhfə verib”.
Diplomat əlavə edib ki, bununla belə, artan geosiyasi gərginliklər, dövlətlər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı etimadın azalması çoxtərəfli silahsızlanma forumlarında irəliləyişə mane olur və konsensusa nail olmağı çətinləşdirir. Silahsızlanma Komissiyasının (UNDC) 2026-cı ildə əsas sessiyasının gündəliyini qəbul edə bilmədiyini xatırladan M.Hüseynov, qurumun gələcək sessiyalarında konstruktiv müzakirələr vasitəsilə praktiki tövsiyələrin hazırlanacağına ümid etdiklərini bildirib.
No Comment! Be the first one.