Bakı–Daşkənd xətti: Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən siyasi körpü
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məzmun qazandığını nümayiş etdirir. Səfərin əsas mahiyyəti yalnız Bakı ilə Daşkənd arasında əlaqələrin inkişafı ilə məhdudlaşmır, Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid əməkdaşlıq məkanına çevrilməsini hədəfləyir. Her iki dövlət dəyişən beynəlxalq şəraitdə xarici siyasət imkanlarını genişləndirməyə və böyük güclərdən asılı olmayan regional tərəfdaşlıq modeli qurmağa çalışır.
Səfər çərçivəsində Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi münasibətlərin artıq sistemli və institusional xarakter daşıdığını göstərir. Bu şura imzalanmış sənədlərin icrasına nəzarət etməyə, yeni hədəfləri müəyyənləşdirməyə və müxtəlif dövlət qurumlarının fəaliyyətini uzlaşdırmağa imkan verir. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə də qarşılıqlı əlaqələrin hüquqi və siyasi əsaslarını möhkəmləndirib.
Diplomatik təmasların başqa bir mühüm tərəfi Türk dünyası daxilində yeni siyasi ağırlıq mərkəzinin yaranmasıdır. Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında təbii bağlantı rolunu oynayır, Özbəkistan isə regionun mühüm iqtisadi potensiala malik dövlətlərindən biridir. Bakı və Daşkəndin yaxınlaşması Türk Dövlətləri Təşkilatının (TDT) yalnız mədəni birlik platforması deyil, real iqtisadi və siyasi təsir mexanizmi kimi güclənməsinə şərait yaradır.
Münasibətlərin strateji dəyərini artıran əsas amillərdən biri də Orta Dəhlizdir. Mərkəzi Asiya dövlətlərinin alternativ çıxış yolları axtardığı bir vaxtda Özbəkistan üçün Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu süreçdə tranzit imkanlarını, limanlarını və dəmir yollarını əlaqələndirən regional mərkəz mövqeyini gücləndirir.
Əməkdaşlıq eyni zamanda konkret humanitar və sosial layihələrlə də dəstəklənir. Özbəkistan tərəfindən Qarabağda məktəb inşası, Xankəndidə birgə tikiş fabrikinin fəaliyyət göstərməsi və şəhərlərarası qardaşlaşma əlaqələrinin genişləndirilməsi iki xalq arasında ictimai bağları möhkəmləndirir.
Nəticə etibarilə, bu səfər Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilir. Əldə olunan razılaşmaların nəqliyyat, sənaye və investisiya layihələrinə çevrilməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi və geoiqtisadi dayanıqllığı artıracaq.
No Comment! Be the first one.