Bakı və İrəvan sülhə doğru irəliləyir
Azərbaycan və Ermənistan arasında sülh prosesində əhəmiyyətli irəliləyişlər əldə olunsa da, Avropa paytaxtlarının Cənubi Qafqaza yanaşması hələ də region haqqında keçmiş təsəvvürlərə söykənir.
hadiseler.info xəbər verir ki, bu barədə professor Taras Kuzio “The Washington Examiner” nəşrində dərc olunan təhlil məqaləsində bildirib.
Məqalədə diqqətə çatdırılan əsas məqamlar:
Liderlərin mövqeyi və Avropaya tənqid: 2026-cı ilin mayında Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində çıxış edərək Avropa Parlamentini sülh prosesini pozmaq cəhdlərində tənqid edib. Müəllifin fikrincə, İlham Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi iki ölkə arasındakı münasibətlərin artıq yeni mərhələyə keçdiyini göstərir.
Avropanın köhnəlmiş yanaşması: Müharibədən sonra Avropa ölkələrinin əsasən Qarabağ ermənilərinin hüquqları və xüsusi status məsələsinə fokuslanması yerlərdəki yeni reallıqları nəzərə almayan köhnə vasitəçilik sisteminin təzahürü idi. Avropanın Ukraynanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri ilə dəstəklədiyi halda Azərbaycanın ərazi məsələlərinə ikili yanaşması Aİ vasitəçiliyinə inamı sarsıdıb.
Sülh sazişi və Vaşinqton Zirvəsi: Bütün bunlara baxmayaraq, iki ölkə ikitərəfli danışıqları davam etdirərək 2025-ci ilin martında sülh müqaviləsinin mətnini razılaşdırıb. 8 avqust 2025-ci ildə isə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi paraflanıb.
Praktiki əməkdaşlıq və TRIPP: Tərəflər arasında Gürcüstan vasitəsilə Ermənistana Azərbaycan yanacağının tədarükü, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) daxil olmaqla nəqliyyat dəhlizlərinin açılması planlaşdırılır.
Sülh yolundakı ana maneə: Yekun müqavilənin imzalanması üçün əsas maneə Ermənistan Konstitusiyasının 1989-cu il birləşmə qərarına istinad edən 1990-cı il Müstəqillik Bəyannaməsinə söykənməsidir. Bu məsələnin həlli üçün Ermənistanda referendumla yeni konstitusiyanın qəbul edilməsi tələb olunur.
Taras Kuzio vurğulayır ki, Avropa ölkələri artıq real vəziyyətə uyğun gəlməyən prinsiplərdən əl çəkməli və paraflanmış sazişdən yekun sülh müqaviləsinin imzalanmasına keçid prosesinə adekvat töhfə verməlidir.
No Comment! Be the first one.