Dünya çempionatı: – Camal Qamzatxanov finalda
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının növbəti günündə Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
hadiseler.info xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın 7-ci günündə Azərbaycan millisinin 4 cüdoçusu mübarizəyə qoşulub.
Ağır çəki dərəcəsində (+100 kq) yarışan idmançımız Camal Qamzatxanov mübarizəyə olduqca inamlı başlayaraq ardıcıl 3 qələbə qazanıb. O, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi, 1/16 finalda xorvatiyalı Nikita Sviridi, 1/8 finalda isə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevi məğlub edərək növbəti mərhələyə yüksəlib.
Digər idmançılarımızdan Uşanqi Kokauri (+100 kq) Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi, Kənan Nəsibov (+100 kq) isə almaniyalı Losseni Koneyi ipponla məğlub edərək mərhələ adlayıblar. Qadınların yarışında isə Madina Kaisinova (+78 kq) 1/16 finalda İtaliya idmançısı Asya Tavano ilə üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 11-də başa çatacaq dünya çempionatında indiyədək yığmamızın heyətində Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
No Comment! Be the first one.