Leyla Əliyeva “Ana təbiət” beynəlxalq incəsənət sərgisində iştirak edib
Türkmənistanın paytaxtı Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təntənəli açılış mərasimi keçirilib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, eləcə də diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən Oğulcahan Atabayeva incəsənətin xalqlararası münasibətlərdəki və təbiətin qorunmasındakı mühüm rolundan danışıb, insanla təbiət arasındakı harmoniyanın vacibliyini vurğulayıb.
Sərgidə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu bildirib. O, Azərbaycan ilə Türkmənistanı qədim tarix və mədəniyyətlə yanaşı, ortaq təbii irsimiz olan Xəzər dənizinin də birləşdirdiyini qeyd edib:
“Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb”.
Leyla Əliyeva IDEA İctimai Birliyinin Azərbaycanda və dünyada ekoloji problemlərin həllinə yönəlmiş layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.
Daha sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə, o cümlədən türkmən xalqının dekorativ-tətbiqi sənət nümunələri, xalçaları, milli musiqi alətləri və qədim zinət əşyaları ilə tanış olublar.








No Comment! Be the first one.