Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib – FOTO
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva arasında üçtərəfli görüş olub.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş çərçivəsində tərəflər sosial-humanitar əməkdaşlıq, uşaqların müdafiəsi və ətraf mühitin qorunması məsələlərini müzakirə ediblər.
Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu qeyd edib. O, sərginin regional və beynəlxalq qurumlar çərçivəsində ekoloji əməkdaşlığa real töhfə verəcəyini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə mühüm ekoloji layihələrin reallaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək diqqət və qayğının şəxsən şahidi olduğunu bildirərək, sərgini xeyirxahlığa doğru atılan növbəti addım kimi dəyərləndirib.
Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva isə bu cür görüşlərin gələcəyi insanlara qayğı prinsipi üzərində qurmaq baxımından yeni imkanlar açdığını vurğulayıb. O, hər bir uşağın anasının yanında təhlükəsizlik və sevgidən əmin olaraq böyüməsinin ən başlıca amil olduğunu ifadə edib.




No Comment! Be the first one.