Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Azərbaycanın qədim və strateji yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Mincivan qəsəbəsi ilə yanaşı, Zəngilan rayonunun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndlərini, həmçinin Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli və Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini düşməndən tam təmizləyib.
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlik ərazidə yerləşir. Yaşayış məntəqəsi 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb və elə həmin kəndin adı yeni yaşayış məntəqəsinə verilib. XIX əsrin mənbələrində Zəngəzur qəzasında Mincivan adlı iki kəndin olduğu qeyd edilib.
Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğala qədər qəsəbədə çoxsaylı yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları və mühüm nəqliyyat qovşağı sayılan dəmir yolu stansiyası fəaliyyət göstərirdi. İyirmi yeddi illik işğal dövründə erməni vandalizminə məruz qalan Mincivanda bütün mülki infrastruktur yerlə-yeksan edilib, dəmir yolu xətləri sökülərək kənara daşınıb. Düşmən relslərin bir hissəsini xaricə satıb, qalan hissəsindən isə müdafiə istehkamlarının qurulmasında istifadə edib.
Hazırda işğaldan azad olunmuş Mincivan qəsəbəsində və bütövlükdə Zəngilan rayonunda Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı bərpa, yenidenqurma və infrastruktur layihələri sürətlə davam etdirilir.
No Comment! Be the first one.