“Qələbə qaçışı” 2 mindən çox insanı bir araya gətirib
Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi “Qələbə qaçışı” keçirilib.
hadiseler.info xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış “Qururla irəli” şüarı altında baş tutub.
Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər. Vətən müharibəsi şəhidlərinin övladları builki “Qələbə qaçışı”nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.
Bu il “Qələbə qaçışı”na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.
Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi “YAŞAT” Fonduna köçürüləcək.
Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rəzadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib, Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.


No Comment! Be the first one.