Tailandda məktəbdə atışma olub: Ölənlərin sayı 7 nəfərə çatıb
Tailandın Nonthaburi əyalətində yerləşən orta məktəblərdən birində dəhşətli silahlı insident qeydə alınıb.
Hadisələr.info “Khaosod” nəşrinə istinadən xəbər verir ki, Banqkruay rayonunda yerləşən “Tepsirin” məktəbində baş verən atışma nəticəsində hücumu həyata keçirən şəxs də daxil olmaqla ümumilikdə 7 nəfər həyatını itirib.
Əldə edilən məlumatlara əsasən, dünyasını dəyişənlərdən 3-ü müəllim, 3-ü şagird, 1-i isə atəş açan yetkinlik yaşına çatmayan məktəblinin özüdür. Məktəb binalarının birində cəsədi aşkarlanan hücumçunun ilkin ehtimallara görə intihar etdiyi bildirilir.
Faciəvi hadisə zamanı həmçinin 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onlardan da 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Xəbərin daxil olmasından dərhal sonra əraziyə polis əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları yönləndirilib, yaralılar xəstəxanalara təxliyə olunub. Hüquq-mühafizə orqanları məktəb ərazisini tam mühasirəyə alaraq şagirdləri və təhsil müəssisəsinin heyətini təhlükəsiz zonaya çıxarıblar.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı genişmiqyaslı araşdırma aparılır və qanlı hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.
No Comment! Be the first one.