Tramp: “İran bizimlə razılaşmaq istəyir”
ABŞ Prezidenti Donald Tramp “Punchbowl News” nəşrinə verdiyi müsahibəsində ABŞ-nin xarici siyasəti, İranla gərginlik, ölkədəki seçki sistemi və Çinlə texnoloji rəqabət barədə mühüm açıqlamalar verib. Hadisələr.info xəbər verir ki, Tramp Yaxın Şərqdəki vəziyyətdən danışarkən İranın Vaşinqtonla saziş bağlamağa meyilli olduğunu iddia edib.
ABŞ dövlət başçısı bildirib ki, benzin qiymətlərinin yenidən qalxması yalnız İrana qarşı yeni hərbi zərbələrin endiriləcəyi təqdirdə mümkündür, əks halda qiymətlərin düşməsi gözlənilir. Tramp “İran yeni bir hərbi əməliyyatla üzləşmək istəmir. Aydın görünür ki, onlar vurulmaq istəmirlər və bizimlə razılaşmaya gəlmək tərəfdarıdırlar” deyə vurğulayıb.
Çünki Vaşinqton və Tehran arasında icazəli dəniz dəhlizləri və təhlükəsizlik zəmanətləri üzrə diplomatik danışıqlar davam edir. Həmçinin Tramp danışıqların müsbət istiqamətdə irəlilədiyini və yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağını istisna etməyib.
ABŞ-də seçki sistemi və Çinlə texnologiya müharibəsi
Daxili siyasətə toxunan Tramp ABŞ-dəki seçki sistemini kəskin tənqid edərək bəzi ştatların təşkilatçılıq baxımından “üçüncü dünya ölkələrinə” bənzədiyini iddia edib.
Lakin o, noyabrda keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının həm Konqresdə, həm də Senatda qalib gələcəyinə əminliyini ifadə edib.
Bundan başqa, Çinlə süni intellekt və kriptovalyuta sahəsindəki kəskin rəqabətdən danışan prezident, “Biz Çinin kripto dünyasını ələ keçirməsinə və ya süni intellektdə lider olmasına imkan verə bilmərik” deyib. Tramp tezliklə Çin Xalq Respublikasının Dövlət Sədri Si Cinpinlə görüşəcəyini və bu məsələləri birbaşa müzakirə edəcəyini diqqətə çatdırıb.
No Comment! Be the first one.