Türkiyədə gəmilərin toqquşması ilə bağlı ilkin rəy: Kapitan yatıbmış
Mərmərə dənizində ALSU tankeri ilə “Tuğberk İmamoğlu” gəmisinin toqquşması faktı üzrə aparılan təhqiqat çərçivəsində hazırlanan ilkin ekspert rəyi iş materiallarına əlavə olunub.
hadiseler.info “Haber Global”a istinadən xəbər verir ki, İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən yürütülən araşdırma sənədində Silivri sahillərində “Tuğberk İmamoğlu” gəmisinin toqquşmadan sonra batdığı, heyət üzvlərinin isə itkin düşdüyü bildirilir.
Ekspert rəyinə əsasən, qəzanın əsas səbəbi kapitan körpüsündə intizamın pozulması və növbə dəyişmə qaydalarının gözardı edilməsidir. Hadisə zamanı ALSU tankerinin kapitan körpüsündə təcrübəsiz ikinci kapitan köməkçisi olub, müşahidəçi və sükançı yerində olmayıb, kapitan isə öz kayutunda yatıb.
Bundan əlavə, “Tuğberk İmamoğlu” gəmisində avtomatik müəyyənləşdirmə sistemi ya söndürülüb, ya da nasaz olub. Bu səbəbdən tanker qarşıdakı gəmini yalnız 1.8 mil məsafədə radarda aşkarlaya bilib. Rəydə “Tuğberk İmamoğlu”nun manevrinin toqquşmanı tətikləyən aktiv amil olduğu, lakin insidentin faciəyə çevrilməsinin kökündə ALSU tankerinin kapitan körpüsündəki zəifliyin dayandığı vurğulanır.
No Comment! Be the first one.