“Yay Fest 2026” start götürdü: Şamaxıda 2 mindən çox gənci bir araya gətirəcək
Şamaxıda gənclər üçün təşkil olunan “Yay Fest 2026” festivalına rəsmi start verilib.
“Report”un bölgəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sentyabrın 4-dək davam edəcək festival Gənclər Fondunun dəstəyi və İDEA İctimai Birliyinin tərəfdaşlığı ilə bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı əsasında keçirilir.
Artıq onuncu dəfə təşkil edilən festival indiyədək 10 mindən çox gənci bir araya gətirib. Bu il tədbirin əsas mövzusu süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar istiqamətində formalaşdırılıb.
Festival proqramı çərçivəsində iştirakçılar süni intellekt texnologiyaları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Bu il “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”, eləcə də “AI – İdman və Sağlamlıq” mövzularını əhatə edən səkkiz düşərgə təşkil olunacaq. Hər biri beş gün davam edəcək düşərgələrdə ümumilikdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulur.
Çadır tipli düşərgələrdə iştirakçılar dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə görüşlərə, panel müzakirələrinə, təlimlərə, master-klasslara və müxtəlif praktiki sessiyalara qatılacaqlar. Bundan əlavə, idman yarışları, intellektual müsabiqələr, komanda oyunları və konsert proqramları da festivalın proqramına daxildir.
Qeyd edək ki, festivalda iştirak tam ödənişsizdir və hər bir gənc yalnız bir düşərgəyə qoşula bilər.
No Comment! Be the first one.