Yevlaxda “Toyota” yandı, yaralı var-VİDEO
Yevlax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində təhlükəli anlar yaşanıb.
hadiseler.info xəbər verir ki, hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb. “Toyota Corolla” markalı avtomobilə yanacaq vurularkən çəndə qəfil yanğın başlayıb.
Hadisə ərazisinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal cəlb olunub. Yanğının məntəqənin digər hissələrinə yayılma riski yüksək olsa da, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Qəza nəticəsində avtomobilin yanar konstruksiyaları və yük yerində olan, hər birinin tutumu 20 litr olan 8 ədəd plastik və dəmir yanacaq qabı yanıb. Yüksək temperaturdan yanacaqpaylayıcı nasosun idarəetmə paneli deformasiyaya uğrayıb. Hadisə zamanı qol nahiyəsindən yanıq xəsarəti alan sürücü təcili tibbi yardım briqadasına təhvil verilib.
Məntəqənin qalan hissəsi və ətraf ərazi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.