İlham Əliyev: “İrəliləmək üçün konkret tədbirlər planımız var”
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb.
hadiseler.info xəbər verir ki, İlham Əliyev bu barədə Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı ilk yardımın Özbəkistan tərəfindən göstərildiyini, 960 şagird yerlik məktəbin tikildiyini və ilk iri sənaye müəssisəsi olan tikiş istehsalına investisiya qoyulduğunu xatırladıb. Azərbaycan lideri Qarabağda və digər bölgələrdə qarşılıqlı fəaliyyət üzrə gələcək planların mövcudluğunu qeyd edib:
“Bir daha Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: 960 şagird yerlik məktəbin tikintisi, ilk iri sənaye müəssisəsi olan tikiş istehsalına investisiya – bunların hamısı yenə Özbəkistanla bağlıdır. Qarabağ regionunda və bir çox digər bölgələrdə qarşılıqlı fəaliyyət üzrə gələcək planlarımız da var.”
Dövlətimizin başçısı regionlararası əməkdaşlıq forumunun böyük praktiki əhəmiyyət kəsb etdiyini və irəliləmək üçün konkret tədbirlər planının olduğunu xüsusi vurğulayıb:
“Dünən keçirilmiş regionlararası əməkdaşlıq forumu da böyük praktiki maraq doğurur. Deməli, biz səylərimizi birləşdirir, hazırda deyildiyi kimi, sinerji yaradırıq. İrəliləmək üçün konkret tədbirlər planımız var və hər bir layihə konkret məzmunla təmin olunub.”
No Comment! Be the first one.