Ukrayna Rostovda neft terminalı, körpü və gəmiləri vurub
Rusiya ərazisinin Rostov vilayətində yerləşən mühüm strateji və nəqliyyat infrastruktur obyektlərinə PUA və raket hücumları təşkil olunub.
hadiseler.info xəbər verir ki, Rostov-na-Donu şəhərində neft məhsullarının yüklənməsi terminalına və dəmir yolu körpüsünə endirilən zərbələr nəticəsində ərazidə güclü yanğın baş verib, infrastruktur zədələnib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın yaydığı rəsmi məlumata əsasən, hücumlar nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib. Yaralananlardan 2 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, daha bir nəfər isə təcili əməliyyat olunub.
Hadisənin təfərrüatlarına və dəyən ziyana gəldikdə, “Astra” informasiya resursunun məlumatına görə, Rostov-na-Donu şəhərinin Jeleznodorojnı rayonunda yerləşən və “Novoshaxtinsk Neft Məhsulları Zavodu”na məxsus olan terminal vurulub və zərbədən dərhal sonra ərazidə yanğın alovlanıb. Eyni zamanda, PUA hücumu nəticəsində Rostov–Bataysk dəmir yolu sahəsindəki açılan körpü zədələnib. Şimali Qafqaz Dəmir Yolunun Mətbuat Xidmətindən bildirilib ki, insident səbəbindən 14 sərnişin və 2 şəhərətrafı qatarın hərəkətində 57 dəqiqədən 3 saat 40 dəqiqəyədək ciddi gecikmələr yaşanıb. Bunlarla yanaşı, hadisə zamanı Rostov-na-Donuda bir neçə çoxmərtəbəli və fərdi yaşayış evinə, Batayskda yeni tikiliyə ziyan dəyib, Azov şəhərində isə 2 gəminin zədələndiyi qeyd olunur.
No Comment! Be the first one.